Etiraza baxıldı
30.11.2011
Bu gün Azərbaycan Basketbol Federasiyasının İntizam komissiyasının iclası keçirildi. İclasda 26 noyabr 2011-ci il tarixində kişilər arasında XIX Azərbaycan çemionatının "NTL-Tudor" - "Qala" komandaları arasında keçirilmiş oyununda "NTL-Tudor" basketbol komandası tərəfindən verilmiş etiraza baxıldı.
İclas iştirakçıları İcraçı vitse-prezident Azər Qədirov, İntizam komissiyasının sədri Aydın Ağaliyev, Hakimlər komissiyasının sədri Ələkbər Həsənov, çempionatın baş hakimi Valeriy İsayev və baş katib Nigar İbrahimova "Basketbol üzrə kişilər arasında XIX Azərbaycan çempionatının keçirilməsi" haqqında Reqlamentin və Əsasnamənin müddəalarına uyğun məsələni araşdıraraq qərara aldılar:
1. Oyunçu Rasim Ağarzayev birinci dəstədə çıxış etmiş və yüksək dəstədə oynamaq hüququ qazanmış "AzTU" basketbol komandasının (hazırki adı "Çağ Öyrətim") sifarişinə daxil olunduğunu nəzərə alaraq, onun "Qala" komandasının tərkibində çıxış etməsi "Basketbol üzrə kişilər arasında XIX Azərbaycan çempionatının keçirilməsi" haqqında Reqlamentin və Əsasnamənin müddəalarına zidd olduğu təsdiq edilsin.
2. XIX Azərbaycan çempionatının I tur çərçivəsində "NTL-Tudor" - "Qala" komandaları arasında oyunun nəticəsi ləğv edilsin, "NTL-Tudor" komandasına 2:0 hesabıyla qələbə, "Qala" komandasına isə məğlubiyyət verilsin.
3. Oyunçu Rasim Ağarzayev Azərbaycan çempionatının növbəti 1(bir) oyuna diskvalifikasiya edilsin.
4. Oyunçu Rasim Ağarzayev diskvalifikasiyadan sonra icazə verilmiş keçidə qədər "Çağ Öyrətim" komandasının tərkibində Azərbaycan çempionatında iştirakına icazə verilsin.
5. Oyunçu Rasim Ağarzayevın "Çağ Öyrətim" komandasından digər bir komandaya keçidə "Basketbol üzrə kişilər arasında XIX Azərbaycan çempionatının keçirilməsi" haqqında Reqlamentin və Əsasnamənin müddəalarına əsasən çempionatın birinci dairəsindən sonra baxılacaq.



