Rioda növbəti medalları qazandıq

 20.08.2016 - 23:07    524
Kateqoriya: XƏBƏRLƏR
  • 20 Avq 2016
  • 23:07
  •  524

Azərbaycan idmançıları Rio Yay Olimpiya Oyunlarında daha 3 medal qazanıblar. Sərbəst güləş yarışlarında mübarizə aparan Hacı Əliyev və Cəbrayıl Həsənov, həmçinin taekvondo yarışlarında Milad Beigi Harçeqani fəxri kürsünün 3-cü pilləsinə qalxıblar.

Mübarizəyə 1/8 finaldan başlayan ikiqat dünya çempionumuz Hacı Əliyev 1/4 finalda son dünya çempionu Vladimir Xinçeqaşviliyə uduzub. Ancaq Gürcüstan təmsilçisinin finala çıxması, güləşçimizin bürünc medal uğrunda mübarizəsinə şərait yaradıb. Bu fürsətdən maksimum yararlanan Hacı Olimpiadanı 3-cü sırada başa vurub.

Cəbrayıl Həsənov isə yarımfinala qədər inamla irəliləyib. Bu mərhələdə rusiyalı Olimpiya çempionuna uduzan idmançımız bürünc medal uğrunda görüşdə qazaxıstanlı rəqibinə heç bir şans verməyib.

Taekvondo yarışlarında Milad Beigi Harçeqani də yarımfinala qədər bütün rəqiblərinə asan qalib gəlib. Ancaq bu mərhələdə London Olimpiadasının gümüş mükafatçısına uduzub və bürünc medal görüşünə çıxıb. Harçeqani polşalı rəqibini məğlub etməkdə çətinlik çəkməyib.

Beləliklə, Rio Olimpiya Oyunlarında Azərbaycan atletlərinin qazandığı medalların sayı 13-ə çatıb. İdmançılarımızı təbrik edir, qarşıdakı yarış günlərində də yeni qələbələr arzulayırıq!

haci

milad

XƏBƏRLƏR