Gəncənin atəşə tutulması terrordur

Amil Həmzəyev (milli yığmanın üzvü):
- Ermənistanın Gəncə şəhərinə zərbə endirməsi terror hadisəsidir. Mən hazırda məşqlərə görə Bakıda olsam da, valideynlərim Gəncədə yaşayırlar. Bizim evimiz zərbə endirilən ərazidən bir qədər uzaqda yerləşir. Atamın sözlərinə görə, zərbənin səsi evimizdən də hiss olundu. Valideynlərimə müvəqqəti olaraq, Bakıya gəlməyi təklif etsəm də, onlar bu təklifimi qəbul etmədilər. Ümumiyyətlə, mənim qohumlarım hamısı Gəncədə yaşayırlar. Onların heç biri düşmən tərəfindən endirilən zərbələrdən qorxmadıqlarını və Gəncəni tərk etməyəcəklərini bildirirlər. Bir neçə gündür ki, sosial şəbəkələrdə "PrayForGanja” həştağı ilə dağıdılmış binanın və xəsarət almış insanların videoları və şəkilləri paylaşılır. Sözün əsl mənasında, bu mənzərə məni çox kədərləndirir. Müharibənin cəbhə bölgəsində getməsi, təbii ki, daha məqsədəuyğundur. Hesab edirəm ki, düşmənin dinc sakinləri hədəfə alması, onların artıq çıxış yolunun olmamasından və müharibə bölgəsində məğlub olmalarından irəli gəlir.
Qeyd edim ki, mən də digər idmançılar kimi, könüllü şəkildə müharibədə iştirak etmək üçün qeydiyyatdan keçmişəm. Növbə ilə çağırış olduğundan, hələ ki, növbəmi gözləyirəm. Ümid edirəm ki, tez bir zamanda, mən də şanlı ordumuzun sıralarına qoşulacağam. İnanıram ki, düşmən tapdağı altında olan torpaqlarımızı istər sülh, istərsə də müharibə yolu ilə azad edəcəyik.