İdmançılarımız Olimpiya Oyunlarında medalları sıralamaqdadırlar

 18.08.2016 - 12:40    2471
Kateqoriya: XƏBƏRLƏR
  • 18 Avq 2016
  • 12:40
  •  2471

Avqustun 17-də Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Rio-de-Janeyroda təşkil olunan XXXI Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulub. 48 kiloqram çəki dərəcəsində yarışan idmançımız 1/8 finalda argentinalı Patrisia Alexandra Bermudez, ardınca Polşa təmsilçisi İvona Matkovskaya qalib gələrək, yarımfinala yüksəldi. Mariya Stadnik bu mərhələdə bolqarıstanlı Elitsa Yankova üzərində də təmiz qələbə çaldı.

Həlledici görüşdə güləşçimiz Yaponiya idmançısı, üçqat dünya çempionu Eri Tosaka ilə qarşılaşdı. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə güləşçimiz son saniyələrdə məğlub olaraq "Rio-2016"nın gümüş medalını qazandı. Mariya Stadnik ilk Azərbaycan idmançısıdır ki, ardıcıl üç Olimpiya Oyunlarında mükafatçılar sırasında yer alır.

Azərbaycan yığmasına daha bir medalı isə taekvondo yarışlarında Patimat Abakarova (49 kq) qazandırıb. İlk görüşdə Serbiya idmançısı Tiyana Boqdanoviçə məğlub olan Abakarovanın rəqibi finala yüksəldiyi üçün taekvondoçumuz təsəlliverici görüşlərə qatılmaq imkanı əldə edib. Avropa çempionatının və “Bakı-2015”in mükafatçısı P.Abakarovanın bürünc medal uğrunda ilk rəqibi çinli Jinqyu Vu olub. Qarşılaşmada iki dəfə geri düşməsinə baxmayaraq, sona yaxın rəqibin başına əla zərbə endirən idmançımız 4:3 hesablı qələbə qazanıb. O, təsəlliverici görüşlərdə sonuncu rəqibi fransalı Yasmin Azeizə 7:2 hesabı ilə qalib gələrək XXXI Yay Olimpiya Oyunlarını bürünc mükafatla başa vurub və yığmamıza yeddinci medalı qazandırıb.

Hər iki idmançımızı təbrik edir, qarşıdakı günlərdə medallarımızın sayının artmasını arzulayırıq!

mariya

XƏBƏRLƏR