Olimpiya Oyunlarında medallarımızın sayı 10-a çatdı

 19.08.2016 - 15:50    2364
Kateqoriya: XƏBƏRLƏR
  • 19 Avq 2016
  • 15:50
  •  2364

Azərbaycan milli komandası XXXI Yay Olimpiya Oyunlarında medalları sıralamaqda davam edir. Yarışların 13-cü günündə daha 3 idmançımız fəxri kürsüyə qalxıb.

Birnəfərlik kanoe qayığı (C-1) ilə 200 metr məsafəyə final yürüşündə Azərbaycan idmançısı Valentin Demyanenko da qüvvəsini sınayıb. 33 yaşlı atletimiz çinli Qianq Li, ispaniyalı Alfonso Benavides Lopes de Ayala, fransalı Tomas Simar, gürcüstanlı Zaza Nadiradze, braziliyalı İsakias Keyruş dos Santos, Azərbaycan yığmasının sabiq üzvü, hazırda Rusiyanı təmsil edən Andrey Kraytor və 2012-ci il London Yay Olimpiya Oyunlarının qalibi Yuri Çebana qarşı yarışıb. Finalda məsafəni 39.493 saniyəyə qət edən idmançımız gümüş medal qazanmağı bacardı.

Avqustun 18-də həmçinin Azərbaycan boksçusu Kamran Şahsuvarlı (75 kq) dördüncü görüşünə çıxıb. Yarımfinalda dünya çempionu, Panamerika Oyunlarının birincisi, kubalı Arlen Lopeslə qarşılaşan Kamran Şahsuvarlı rəqibinə məğlub olaraq “Rio-2016”da çıxışını dayandırıb və Olimpiya Oyunlarını bürünc medalla başa vurub.

Daha bir bürünc medalı isə komandamızın kolleksiyasına Azərbaycanın qadın güləşçisi Nataliya Sinişin qazandırıb. 53 kiloqram çəki dərəcəsində çıxış edən Nataliya Sinişin ilk görüşündə yaponiyalı 13 qat dünya və 3 qat Olimpiya çempionu Saori Yoşidaya məğlub olub. Rəqibin finala yüksəlməsi ilə güləşçimiz təsəlliverici görüşlərdə iştirak hüququ qazanıb. Bürünc medala gedən yolda güləşçimizin ilk rəqibi seneqallı Elezabet Sambu olub. Rəqibini məğlub edən Nataliya Sinişin üçüncü yer uğrunda görüşdə venesuelalı Angelisa Arquelladan üstün olub və XXXI Yay Olimpiya Oyunlarının bürünc medalını qazanıb.

Hər 3 idmançımızı təbrik edirik!

demyanenko

sinisin 

XƏBƏRLƏR