Hesabat-Seçki Konfransı

 11.12.2019 - 15:34    3662
Kateqoriya: XƏBƏRLƏR
  • 11 Dek 2019
  • 15:34
  •  3662

Dekabrın 10-da Milli Olimpiya Komitəsinin inzibati qərargahında Azərbaycan Basketbol Federasiyasının (ABF) Hesabat-Seçki Konfransı keçirildi.

Tədbiri açıq elan edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə sözü Azərbaycan Basketbol Federasiyasının prezidenti Nadir Nəsibova verdi. N.Nəsibov Federasiyanın rəhbərliyi adından Konfrans iştirakçılarını və qonaqları salamlayaraq onlara Konfransın işində uğurlar arzuladı.

Daha sonra Federasiyanın vitse-prezidenti Həsənağa Rzayev geniş hesabat məruzəsi ilə çıxış etdi. H.Rzayev məruzəsində Federasiyanın hesabat dövründə fəaliyyəti barədə, bu dövr ərzində qazanılan uğurlardan və mövcud olan problemlərdən ətraflı məlumat verdi. O qeyd etdi ki, uşaq basketbolunun dayanıqlı inkişafı və basketbol idman növünün kütləviləşdirilməsi günün tələbinə çevrilərək, ABF-nın əsas fəaliyyət istiqamətidir. Məhz bu məqsədlə Amerika Milli Basketbol Assosiasiyasının (NBA) dəstəyi ilə Azərbaycanda Junior NBA Liqasının keçirilməsi planlaşdırılır.

Sonra Məşqçilər Şurasının sədri Şəhriyar Əsgərovun, Nizam-İntizam Komissiyasının sədri Azər Ələkbərovun, Hakimlər Kollegiyasının sədri Ələkbər Həsənovun, Sosial media meneceri Aysel İsayevanın hesabat məruzələri dinlənildi.

Hesabat ətrafında gedən müzakirələrdə bildirildi ki, basketbol idman növündə görülən işlər göz qabağındadır, müsbət dəyişikliklər var, basketbol ölkəmizdə inkişaf etməkdədir. Müzakirələrin sonunda Azərbaycan Basketbol Federasiyasının hesabat dövründəki fəaliyyəti Konfrans iştirakçıları tərəfindən yekdilliklə qənaətbəxş hesab edildi.

Bundan sonra, ABF-nın rəhbər orqanlarının seçkiləri keçirildi. Növbəti dövrdə Federasiyaya rəhbərlik etmək üçün Nadir Nəsibovun namizədliyini irəli sürüldü. Konfrans iştirakçıları yekdilliklə Nadir Nəsibova səs verərək, onu yenidən Azərbaycan Basketbol Federasiyasının prezidenti vəzifəsinə seçdilər. Daha sonra Konfrans iştirakçıları tərəfindən Azərbaycan Basketbol Federasiyasının Rəyasət Heyəti və digər rəhbər orqanlarının tərkibi müəyyən edildi.

Tədbirin sonunda çıxış edən Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ölkəmizdə basketbol idman növünün inkişafında müsbət tendensiyaları qeyd edərək Federasiyanın bütün üzvlərinə gələcək fəaliyyətlərində növbəti qələbələr və uğurlar arzuladılar.

_MG_9517sm

ca32c26d-409b-4e88-8508-399e768d0f87

_MG_9425sm

XƏBƏRLƏR