Memorandum imzalandı

 14.02.2020 - 14:49    35
Kateqoriya: XƏBƏRLƏR
  • 14 Fev 2020
  • 14:49
  •  35

14 fevral 2020-ci il tarixində Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi və Milli Paralimpiya Komitəsi arasında Tokio 2020 Olimpiya və Paralimpiya Oyunları çərçivəsində əməkdaşlığa dair memorandumun imzalama mərasimi baş tutdu. Milli Olimpiya komitəsində təşkil olunan tədbirdə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, komitənin digər rəhbər işçiləri ilə yanaşı müxtəlif idman qurumlarının rəsmiləri də iştirak edib.

Azərbaycanın Olimpiya və Paralimpiya tarixində ilk dəfə baş tutan belə bir rəsmi əməkdaşlıq əsasən Tokio 2020 Oyunlarının, həmçinin bu Oyunlarda Azərbaycanı təmsil edəcək Olimpiya və Paralimpiya Komandalarının birgə təbliğ və təşviqinə xidmət edir. Memorandum əsasən marketinq, sosial media, könüllülük xidməti, komandalar üçün vahid idman geyim dəstinin hazırlanması kimi sahələrdə əməkdaşlığı nəzərdə tutur.

Oyunların və komandaların təbliği və təşviqində aparıcı rol Milli Olimpiya Komitəsinə məxsus olacaq və bu işdə Rio 2016 Yay Olimpiya Oyunlarında əldə edilən uğurlu təcrübənin tətbiq edilməsi planlaşdırılır. Hətta Tokio 2020 Olimpiya Oyunları üçün bu istiqamətdə xüsusi bir strategiya hazırlanmış və uğurla Minsk 2019 Avropa Oyunlarında sınaqdan keçirilmişdir.

Rəsmi çıxışı zamanı Çingiz Hüseynzadə Milli Olimpiya Komitəsinin əvvəlki illərdə bir sıra idman federasiyaları ilə olan uğurlu əməkdaşlığına toxunub. O, 2017-ci ildə Bakıda təşkil edilən Voleybol üzrə qadınlararası Avropa Çempionatının final mərhələsi, həmçinin 2018-ci ildə UCI-ın Bakıda keçirilən BMX dünya çempionatı və bu kimi mötəbər idman tədbirlərində Azərbaycanı təmsil edən milli yığma komandalarının təbliğat kampaniyasının təşkilində aidiyyatı idman federasiyalarının göstərdiyi köməkliyi xüsusi vurğulayıb. Tokio 2020 Oyunları çərçivəsində baş tutan bu əməkdaşlığı yüksək qiymətləndirən Çingiz müəllim hər iki Komitə üçün bu sazişin faydalı və uğurlu olacağına ümid etdiyini söyləyib

Ilqar Rəhimov öz çıxışında Paralimpiya Oyunlarına ümumi hazırlıqdan, həmçinin tərəflər arasında imzalanmış memorandumun tarixi əhəmiyyətindən danışıb. Onun sözlərinə görə mühüm idman ilində Komitələr arasında baş tutan belə bir əməkdaşlıq ölkədə Olimpiya və Paralimpiya hərəkatının daha effektiv təbliği, həmçinin yaşından, cinsindən və sağlamlıq imkanlarından asılı olmayaraq daha çox sayda əhalinin bədən tərbiyəsi və idmana cəlb edilməsinə güclü təkan verəcəkdir.

Jurnalistlərin suallarını cavablandıran Milli Olimpiya Komitəsinin vitse –prezidenti Çingiz Hüseynzadə Tokio 2020 Yay Olimpiya Oyunları ilə bağlı bir sıra tədbirlərin keçiriləcəyini bildirdi. Yay Olimpiya Oyunları tarixində ilk dəfə olaraq, Olimpiya Oyunları zamanı dünyanın bəzi ölkələrində Olimpiya festivalı keçiriləcək. Azərbaycan da festival keçirilməsi üçün seçilən ölkələr sırasındadır deyən Çingiz Hüseynzadə Tokio-2020 Yay Olimpiya Oyunları zaman Bakıda keçiriləcək festival tədbirlərinin rəngarəng və yaddaqalan olacağını vurğuladı.

 

XƏBƏRLƏR