Milli Olimpiya Komitəsi tərəfdaşları ilə memorandum imzaladı
Milli Olimpiya Komitəsi və üç tərəfdaş şirkət arasında “Tokio-2020” Olimpiya və Paralimpiya Oyunları çərçivəsində əməkdaşlığa dair memorandumun imzalanma mərasimi keçirilib.
"Fairmont" otelində təşkil olunmuş imzalanma mərasimində çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycan idmançılarının XXXII Yay Olimpiya Oyunlarına və XVI Yay Paralimpiya Oyunlarına hazırlığını dəyərləndirib.
O, idmançıların Oyunlarda iştirakının təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı sərəncamın mühüm idman tədbirlərinə hazırlığa verilən əhəmiyyətin və dəstəyin köməkçisi kimi qiymətləndirib.
Əməkdaşlığa dair memorandumları Çingiz Hüseynzadə, “Azercell Telekom” Məhdud Məsuliyyətli Cəmiyyətin prezidenti Vahid Mürsəliyev, “Toyota Qafqaz MMC” nin direktoru Rəşad Saracov və “Go Sport” brendinin rəsmi təmsilçisi – “Blue Planet Distribution MMC” nin direktoru Səbinə Qazızadə imzalayıb.
İmzalanmış sənədlərə əsasən, hər üç tərəfdaş şirkət iki il ərzində - 2021-ci ilin sonunadək Milli Olimpiya Komitəsinin və milli olimpiya komandasının məğrur tərəfdaşları kimi çıxış edəcək.
Qeyd edək ki, XXXII Tokio Yay Olimpiya Oyunları 24 iyul – 9 avqust tarixində keçiriləcək.