12 Oğul istərəm!

 01.10.2015 - 10:29    543
  • 01 Okt 2015
  • 10:29
  •  543

12.09.2012

Sentyabırın 11-də yığmamız Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində Oldenburq şəhərində Almaniya ilə sonuncu səfər oyununa çıxdı.

Bu oyunda bizi yalnız qələbə təmin edirdi. O halda Azərbaycan qrupda ikinci yeri tutaraq Sloveniyaya şərtsiz vəsiqə qazanırdı. Qarşılaşma millimiz üçün heç də pis başlamadı. Birinci hissə 22:21 hesabı ilə bizim xeyrimizə bitdi. Almanlar ikinci hissədə oyunun gedişində dönüş yaratmaq istəsələr də basketbolçularımızın fədakar oyunu buna mane oldu. Komandalar böyük fasiləyə almanların cüzi üstünlüyü ilə (39:43) ayrıldılar. Üçüncü hissədə Zaur Paşayevin, Çak Devisin və Orxan Aydının əzmkar oyunu rəqibi məyyus etdi. Biz hətta bir ara irəlidəydik (51:50). Bu həlledici anda iki hücumumuz nəticə vermədi və almanlar yenə önə çıxmağa nail oldular (55:54). Amma komandamıza əsas zərbə hissənin sonunda dəydi. Son anda L.Ştayqerin sərrast 3 xallıq atışı fərqi yenə 4 xala yüksətldi (58:54). Ümumiyyətlə almanların dəqiq 3 xallıq atışları (13/28) Azərbaycan yığmasının məğlubiyyətini təmin edən əsas amillərdən biri oldu.

Bütün qarşılaşma ərzində biz rəqibə cəmi 4 dəfə dəqiq 3 xallıq zərbə endirə bildik (4/15). Fərq göz gabağındadır. Dördüncü hissənin əvvəlində almanlarla döyüşümüz xalbaxal gedirdi. Hesab arasındakı fərq minimuma çatdı (63:60). Amma hissənin ortasından əsasən 5-6 nəfərlə mübarizə aparan millimizin fiziki yorqunluğu özünü göstərməyə başladı. 12 nəfərdən ibarət "alman maşını" tədricən təşəbbüsü ələ alaraq hesab arasındakı fərqi böyütdü. Baş məşqçimiz E.Əliyev oyunda dönüş yaratmaq istəsə də ehtiyat qüvvəsinin çatışmazlığından buna nail ola bilmədi və yekunda biz almanlara 68-81 hesabı ilə uduzduq.

Azərbaycanın basketbol üzrə milli yığması bu seçmə mərhələdə 50% nəticə göstərərək (4 qələbə, 4 məğlubiyyət) təəssüf ki, 12 xalla Sloveniyaya vəsiqə qazana bilmədi. Buna Bolqarıstan və İsveç yığmaları ilə hər iki səfər qarşılaşmasında 17 xallıq məğlubiyyətimiz mane oldu. Mərhələ ərzində qazanılan və buraxılan topların əmsalına görə İsveç 2-ci, Bolqarıstan isə 3-cü yeri tutdu.

Keçirdiyimiz bütün oyunlarda millimiz son hissədə fiziki cəhətdən tükənərək daha çox xal itirirdi. Misal üçün, Bolqarıstanla ev oyununda biz 25 xallıq üstünlüyümüzü saxlaya bilməyərək dördüncü hissəni uduzaraq bu fərqi 15 xala endirdik (88-73). İsveçlə səfərdə isə son 3 dəqiqədə 15 xal buraxaraq cəmi 2 xal vurduq. Nəticədə yenə də 17 xallıq məğlubiyyət (79-96). Bəs məsələ nədədir? Biz təsnifat mərhələsini əsasən 7 basketbolçu ilə oynadıq ( O.Aydın, Z.Paşayev, Ç.Devis, C.Kerrol, R.Başak, A.Rındin, F.Niftəliyev). Bu rəqəm hər şeyi deyir. Daha bir legionerimiz N.K.Medli zədə ucbatından seçmə mərhələdə iştirak edə bilmədi. Azərbaycan əsilli litvalı basketbolçu R.Aliyevasa isə FİBA məmurları yığmamızın tərkibinə qatılmağa icazə vermədilər. Bu subyektiv amillər millimizin təsnifatda çıxışına mənfi təsir etdi. İndi isə keçək obyektiv amillərə. Basketbol ilk növbədə komanda oyunudur.

Ölkəmizdə usta basketbolçuların yetişməsi üçün güclü Superliqanın mövcüdluğu çox vacibdir. Bizdə isə 2010-cu ildən ölkə birinciliyi H.Əliyev adına İdman Konsert Kompleksinin beton örtüyündə keçirilir. Bundan başqa il ərzində beynəlxalq görüşlərin azlığı da oyunçuların ustalıq səviyyəsinin artmasına mane olur. Nəticədə Avropa Çempionatının seçmə mərhələsi kimi son dərəcədə ciddi yarışlarda milli yığmamız ehtiyatda olan oyunçu qıtlığı ilə üzləşir. Kino, nağıl və əfsanələrdə 7 oğul çox şeyi həll edərək ağlasığmayan qəhrəmanlıqlar göstərir.

Basketbolda isə nəticə əldə etmək üçün döyüşə çıxan 12 oğul qərəkdir. Qardaş Türkiyədə 12 DEV ADAM kimi. Ona görə gələcəkdə uğur qazanmaq üçün AZƏRBAYCAN BASKETBOLUNA 12 Oğul istərəm!

BEYNƏLXALQ YARIŞLAR