Beynəlxalq turnir başa çatdı

14.05.2013
May ayının 10-dan 12-nə kimi Mingəçevir şəhərinin "Kür" Olimpiya Tədris-İdman Mərkəzində Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 90 illiyinə həsr edilmiş beynəlxalq turnir keçirildi.
Turnirdə SKFU (Stavropol, Rusiya), İranın Sarab, "Qala-Atena" BK və Gəncənin kişilərdən ibarət basketbol komandalarının iştirakı nəzərdə tutulurdu. Amma bəlli olmayan səbəbə görə İranın Sarab komandası turnirin başlanmasına 2 gün qalmış Mingəçevirə qəlməkdən imtina etdi. Ona görə Sarab komandasını yarışda "AzTOP" komandası əvəzlədi. Turnirin təntənəli açılışından sonra yerli komandalar qonaq komanda ilə bir yerdə dahi rəhbər Heydər Əliyevin abidəsini ziyarət edərək yarış iştirakçıları adından H.Əliyevin heykəlinin önunə çələng qoydular.
Bundan sonra mərkəzin idman zalında turnirin təntənəli açılış mərasimi keçırildi. Mingəçevir şəhərinin bədii-özfəaliyyət kollektivlərinin çıxışından sonra meydana Sravropolun SKFU və "Qala- Atena" komandaları çıxdılar.
Gərgin mübarizə şəraitində keçən oyun 54 - 71 (12:17, 11:19, 15:19, 16:16) hesabı ilə qonaqların xeyrinə qutardı. İkinci görüşdə "AzTOP" ilə Gəncə qarşılaşdı. Bu görüş 112 -92 (27:20, 22:26, 27:24, 36:22) hesabılə "AzTOP"un qələbəsi ilə başa çatdı. Turnirin ikinci günü Gəncə basketbolçuları SKFU-ya 61 - 69 (20:18, 8:17, 15:23, 18:11) hesabı ilə məğlub oldu, "AzTOP" isə 76 - 68 (16:17, 20:24, 19:7, 21:20) hesabı ilə "Qala-Atena"nı üstələdi. Yarışın sonuncu günü üçüncü yer uğrunda "Qala-Atena" Gəncə, birinci yerə görə isə SKFU "AzTOP" komandaları qarşılaşdılar. Hər iki oyun qərgin mübarizə şəraitində keçdi. Birinci oyunda "Qala-Atena" 78 - 61 (15:9, 15:15, 21: 18, 25:19) hesabi ilə Gəncəyə qalib qəldi. İkinci oyun daha da kəskin qarşıdurma şəraitində keçərək rusların minimal üstünlüyü ilə başa çatdı 67 - 70 (17:18, 12:22, 21:19, 17:11). Son dəqiqələrdə "AzTOP"un oyunçuları tərəfindən (Anar Sarıyev, Skot Molenhauer) cərimə atışları dəqiq yerinə yetirilsə idi. Heydər Əliyev Kubokunu azərbaycan basketbolçuları qazana bilərdi. Amma "AzTOP"un turnirə obyektuv səbəblərə görə yetərincə hazırlaşmaması son nəticədə özünü göstərdi. Beləliklə Azərbaycan basketbol məktəbinin yetirməsi olan Vaqif Hacımətovun rəhbərliyi altında Şimal Qafqaz Federal Universitetinin basketbol komandası turnirin qalibi oldu. Bu qələbə münasibətilə qonaq komandanı ürəkdən təbrik edirik!
İkinci yeri AzTOP, üçüncü yeri isə "Qala-Atena" yiyələndi. Bütün qarşılaşmalarda əzmkar oyun sərgiləməsinə baxmayaraq Gəncə komandası turniri üç məğlubiyyətlə dördüncü yerdə bitirdi. Roman Vorobyev (SKFU) turnirin MVP mükafatına layıq görüldü.
Ümumilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş beynəlxalq turnirin ərsəyə gəlməsində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, "Kür" Olimpiya Tədris-İdman mərkəzi və "Bank Technique"nin rəhbərliyinə xüsusi minnətdarlığımızı bildiririk.

