Dünya birincisi Bakıda da birinci oldu

27.04.2015
Xəbər verdiyimiz kimi aprelin 25-26-da "Sərhədçi" İdman Olimpiya Mərkəzində kişilər arasında 3X3 basketbol üzrə beynəlxalq turnir keçirildi.
Gərgin mübarizə şəraitində keçən turnirin final mərhələsinə "Qala", "NTD", "Novi Sad" (Serbiya), və "Bucharest" (Rumıniya) komandaları çıxdılar. Birinci yarımfinalda "NTD" komandası "Novi Sad"la qarşılaşdı. "Novi Sad"ın aşkar üstünlüyü ilə keçən oyun 21:12 hesabı ilə yekunlaşdı. İkinci yarımfinalda "Qala" "Bucharest"lə qarşılaşdı. Bu oyunda "Qala" Avropa birinciləri olan rumınlara layiqli müqavimət göstərdi, amma son nəticədə daha təcrübəli rumınlar "Qala"ya üstün gəldilər 16:11. Əminliklə demək olar ki, turnirin final qarşılaşması çox yüksək səviyyədə keçdi.
Qarşılıqlı hücum şəraitində keçən oyunda qalib son saniyyələrində serblərin sərrast atışı ilə müəyyən edildi. Beləliklə, ölkəmizdə ilk dəfə keçirilən "Pre EuroGames Baku 2015" turnirin qalibi Serbiyanın "Novi Sad" komandası oldu.
Avropa Basketbol Federasiyasının himayədarlığı və "Samsung" şırkətinin dəstəyi ilə keçirilən bu turnirin qalibi iyulun 24-25-də keçiriləcək "Moscow Open 2015" turnirinə vəsiqə qazandı.




