İtirilmiş fürsət

Qrup mərhələsinin iyulun 23-də keçirilən 2-ci oyununda U16 yığmamız Avropanın ən güclü komandalarından biri olan Fransa millisi ilə qarşılaşdı.
Samit Nuruzadənin yetirmələri fransızlara layiqli dirəniş göstərdilər. Belə ki xala-xal gedən oyunun böyük fasiləsi ərəfəsində komandamız rəqibindən cəmi 1 xal geri qalırdı 27:28. 3-cü hissənin əvvəlində isə basketbolçularımız təşəbbüsü ələ alaraq önə çıxa bildilər 32:30.
Təəsüflər olsun ki, bu məqamda biz üstünlüyümüzü artıra bilməyərək hesabda yenə gerilədik. Həlledici 4-cü hissədə isə komandamızın əsas yükünü daşıyan oyunçuların yorqunluğundan qonaqlar faydalana bildilər. Çox sadə vəziyyətdə topun itirilməsi xal fərqini rəqibin xeyrinə artıraraq basketbolçularımızın məğlubiyyəti ilə nəticələndi 45:53.

