Möhtəşəm Qələbə

 29.07.2019 - 13:05    79
  • 29 İyul 2019
  • 13:05
  •  79

Ölkəmizdə keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalının axırıncı günündə Samit Nuruzadənin yetirmələri yenə də U 16 yaş qrupunda Avropa Çempionu olan (A Divizionu) Xorvatiya millisi ilə qarşılaşdı.

Təbii ki, qrup mərhələsində komandamıza məğlub olan (54:58) xorvatlar bu dəfə revanş götürmək əzmindəydilər. Oyuna yaxşı başlayan millimiz 2-ci hissədən sonra rəqibdən cəmi 1 xal geri qalırdı (26:27). Amma 3-cü hissənin əvvəlində xorvatlar təşəbbüsü ələ alaraq xal fərqini 13-ə çatdıra bildilər. 3-cü hissədən sonra hesab 45:38 Xorvatiya millisinin xeyrinə idi. Amma basketbolçularımız qısa fasilədə baş məşqçinin sərt müdaxiləsindən nəticə çıxararaq 4-cü hissədə həm müdəfiədə, həm də hücumda möhtəşəm basketbol sərgilədilər.

Bundan əlavə oyunun həlledici məqamında Rüstəm Mürvətovun ard arda hədəfə çatan 3 xallı atışları rəqibi tam demoralizə edərək çökdürdü. Qarşılaşmanın qalan vaxtında komandamız üstünlüyünü saxlayaraq xorvatları yendi 64:51 (13:14, 13:13, 12:18, 26:6). Ümumi nəticədə isə millimiz Avropa Olimpiya Festivalının basketbol yarışında 2 qələbə, 3 məğlubiyyətlə 7-ci yerdə qərarlaşdı. Onu da xüsusi qeyd etməliyik ki, Festivalın komanda idman növlərində yalnız gənc basketbolçularımız azarkeşlərimizə 2 dəfə qələbə sevincini yaşada bildilər.

İyulun 27-də isə Azərbaycan Basketbol Federasiyasının prezidenti cənab Nadir Nəsibov "Atletlər kəndi"ndə komandamızın üzvlərini mükafatlandırdı. Belə ki, uğurla çıxış edən oyunçulara və məşqçi heyətinə Milli Olimpiya Komitəsinin sertifikatları, ABF-nın fəxri diplomları verildi.  

I yer İspaniya
II yer Türkiyə
III yer Serbiya
IV yer Fransa
V yer Litva
VI yer Yunanıstan
VII yer Azərbaycan
VIII yer Xorvatiya

 

1

3

4

5

BEYNƏLXALQ YARIŞLAR